Azərbaycanın şimal-qərbindəki kəndli ailə satışa hazırladıqları pendir ilə uğura doğru addımlayır

26 August 2020

Azərbaycanın şimal-qərbindəki ailələrin əksəriyyəti kənd yerlərində və məşğulluq imkanları məhdud olan dağlıq ərazilərdə yaşayır. Şəki-Zaqatala İqtisadi Zonasına aid altı şimal-qərb bölgəsində münaqişə nəticəsində çətin vəziyyətə düşmüş, əhalinin həssas qrupuna daxil olan çoxsaylı ailələr də məskunlaşıb.

Bu bölgədəki bir çox ailə kimi Mirələmovlar ailəsi də uzun müddətdir ki, heyvandarlıqla məşğuldur.

"Bu gün nəvələrim üçün kompyüter nə qədər vacibdirsə, o vaxtlar burada inəklər o qədər vacib idi!" ailənin ağsaqqalı 72 yaşlı Xəlifə Mirələmov deyir.

"Buna baxmayaraq çox inəyimiz yox idi, çünki əsasən nəsillərdən qalma resept və üsullardan istifadə edərək öz çörəyimizi bişirir, pendirimizi hazırlayırdıq. Elə-belə pendir demirəm, bölgədəki ən yaxşı pendiri biz hazırlayırdıq! "

Mirələmovlar ailəsi həmişə sahibkarlıq təfəkkürünə sahib olub. Ailə genişləndikcə, evin gənc fərdləri fərqli gəlir mənbələri tapmalı oldu. Getdikcə çətinləşən iqtisadi şərtlər ailənin bütün üzvlərinin birgə qalması üçün qənaətbəxş deyildi. Lakin bu vəziyyət, Xəlifənin dediyi kimi, "fürsət qapımızı döyənə" qədər belə idi.

Bu fürsət, Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının ABAD ilə birgə həyata keçirdiyi, kənd yerlərində kiçik ailə bizneslərinin qurulması və genişləndirilməsi üçün təlimlər təklif edən bir layihə idi.

Müxtəlif mütəxəssis və mentorlar tərəfindən keçirilən təlimlər, iştirakçılara potensialı olan biznes ideyasının müəyyənləşdirilməsi, müfəssəl biznes planı və marketinq strategiyasının hazırlanması, qablaşdırma və onlayn satışdan səmərəli istifadə haqda məlumat və dəstəyin təmin edildiyi bir sıra sessiyaları əhatə edirdi.

Təlimləri uğurla başa vuran və təqdim etdiyi biznes planı mütəxəssislər tərəfindən təsdiqlənən iştirakçılar öz yeni işlərini qurmaq üçün lazım olan zəruri avadanlıq və ya digər əşyalar almaq məqsədilə qranta müraciət edə bilərlər.

Mirələmovlar ailəsi, şimal-qərb bölgəsində layihə sayəsində həyatı dəyişmiş 44 kəndli ailədən biridir.

"Bu layihənin bir ailə olaraq bizə verdiyi ilk şey, inam idi - həqiqətən bunu edə biləcəyimizə dair yeni inam. Yəni biz öz ailə biznesimi idarə edə və hətta uğur qazana bilərik. Beləliklə, birgə eyni evde qala bilər, bəlkə digər insanları da işə götürə bilərik" Xəlifə babanın oğlu Elmir deyir. “Atam bu günlərdə çox dəyişib! İndi birlikdə çalışırıq və vəziyyət getdikcə yaxşılaşır."

Elmir deyir ki, kiçik bizneslərinin sirri işin yeniliyi və məhsulun keyfiyyəti ilə əlaqədardır: “Biz, biznes planımızı bölgədə holland pendiri istehsal edən ilk olmaq istiqamətində qurduq. Bu yanaşma düşüncələrimizi bir sıra imkanlara yönəltdi və biz artıq genişlənirik. Öyrəndiklərimizin çoxunu, əslində hələ yenicə prosesdə anlamağa başlayırıq – marketinq, qablaşdırma və daha böyük alıcıları necə hədəfə almaq olar."

Layihənin qrantı ilə aldıqları xüsusi avadanlıqla, Mirələmovlar ailəsi indi yüksək keyfiyyətli Edam holland pendirini hazırlayırlar.

"Biz qonşu kəndlərdən əlavə süd sifariş verməli olduq və tezliklə, daha çox inək almağa hazırlaşırıq" Elmir qeyd edir. "Kənddən iki qadını artıq işə götürmüşük, niyyətimiz süd ferması qurmaq və təbii kərə yağı kimi digər məhsullar da istehsal etməkdir", o əlavə edir.

Balakən bölgəsində bu növ pendirin ilk istehsalçıları olaraq, bu ailə yalnız yerli mağazalarda deyil, həmçinin ölkənin digər supermarketlərində də tələbat yaratmaq üçün yeni biznes bacarıqlarından istifadə etdilər.

Növbəti ay ilk 100 kq pendir sifarişini Azərbaycan ərazisindəki supermarket, hipermarket və rüsumsuz mağazalara paylaşdırılmasını həyata keçirən geniş ABAD distributor şəbəkəsinə təhvil verəcəklər. Tezliklə, onların ləzzətli pendirlərini ölkənin Bravo supermarketlərində dadmaq mümkün olacaq.

Covid-19 dövründə layihə, təhlükəsizlik təlimləri keçirərək, iş prosedurlarını davam etmək üçün onlayn vasitələrə keçərək, eləcə də kiçik bizneslərin pandemiya təsirlərinin öhdəsindən gəlməyə kömək məqsədilə məlumat sessiyaları təşkil edərək Mirələmovlar və digər ailələrin yeni vəziyyətə uyğunlaşmasına dəstək oldu.

Hekayənin ingilis dilində versiyasını buradan oxuya bilərsiniz.