Qadın Resurs Mərkəzləri zorakılığa məruz qalan qadınlara dəstək olur

27 November 2020

“Mənim kimi qadınlara məsləhətim budur: heç vaxt kimdənsə asılı olduğunuzu düşünməyin. Siz mənim kimi yaşadığınız əziyyətlərlə barışmalı deyilsiniz, xüsusilə də əgər sizə ayağa qalxmağa kömək olacaq Mərkəzlər varsa.”

Leyla (ad şərtidir), öz kiçik iş otağında tikiş maşının başında işləyərək ona daim dəstək olan oğulları ilə söhbət edir. Bu, onun illərlə yaşadığından tamamilə fərqli bir mənzərədir.

“Mən hələ də hər gün o dəhşətli günləri xatırlayıram. Uzun müddət tək bacara bilməyəcəyimi düşünürdüm. Öz biznesimi qurmaq ağlımdan belə keçmirdi.”

18 yaşında ailə quran Leyla həyat yoldaşının valideynləri ilə birlikdə yaşamağa başlayır. Onun dediyinə görə, evlilik ilk beş il ərzində sakit davam edib, həyat yoldaşı ilk oğullarını boya-başa çatdırmaq üçün gecə-gündüz ustalıq edib. Sonra isə o, içkiyə qurşanaraq Leylaya həm sözlü, həm də fiziki təzyiqlər göstərib.

“Mən qorxsam da onu tərk etmədim. O vaxt mənim qayğısına qalmalı olduğum iki oğlum var idi, ailəmin dağılmasını istəmirdim. Yoldaşım xaricdə iş tapan kimi mən də onunla birlikdə getdim. Amma vəziyyət daha da pisləşdi.”

Özünün və balalarının təhlükəsizliyindən narahat olan Leyla iki oğlu ilə  Azərbaycana qayıdır. Yaranan evlilik problemlərində qayınanası və qayınatası ancaq Leylanı günahkar bilir. Uşaqları üçün ünvanına deyilən bütün tənqidlərə dözsə də, vəziyyət getdikcə pisləşir. Nəticədə, ondan əşyalarını yığıb, evi tərk etməsini istəyirlər.

“Bu, yaşadığım ən pis, eyni zamanda həyatımı dəyişən məqam oldu. Mən bilirdim ki, müstəqil olmaqdan başqa çıxış yolum yoxdur. Kirayə pulunu ödəmək üçün hər işi görürdüm: ev təmizləyirdim, kafedə işləyirdim. Lakin vaxt uyğun deyildi və mən dərziliyə üz tutdum.”

Dərzilik Leylaya uğur gətirdi və onun müştəriləri getdikcə artırdı. Amma onun bu tələbi qarşılayacaq yeri və avadanlığı yox idi. İş şəraiti və avadanlıq sarıdan çətinliyi var idi.  Kiçik bir otaqda həm işləyib, həm də iki oğul böyütmək o qədər də asan deyildi. Elə bu zaman, onun həyatında daha bir dönüş nöqtəsi yaşandı. O, yaşadığı şəhərdə yenicə açılmış Qadın Resurs Mərkəzinə (QRM, bundan sonra Mərkəz) qoşuldu.

“Bəzi müştərilərim mənə Mərkəz haqqında danışdı. Oradakı insanların mənə uğurlu biznes qurmaqda kömək edəcəklərini dedilər. Özümə, o qədər də əmin olmasam da, bəxtimi sınamağa qərar verdim.”

Leylanın müraciət etdiyi Mərkəz ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə əməkdaşlığı çərçivəsində 2011-ci ildə yaradılmış şəbəkənin bir hissəsi idi. Bu Mərkəzlər, Azərbaycanın ucqar ərazilərində yaşayan qadınlar üçün iş bacarıqları və kiçik biznesin idarəedilməsi üzrə təlim kursları təşkil edir, qadınlar o cümlədən, gender əsaslı zorakılığa məruz qalanlara psixo-sosioloji və hüquqi dəstək göstərir.

Leyla deyir ki, Mərkəzdə aldığı məsləhətlər sayəsində o, özgüvənini geri qazandı və biznes təlimlərinə qatılmağa qərar verdi. Peşəkar mentorların köməyi ilə o, biznes planını hazırladı və təqdim etdiyi plan ona qrant qazandırdı.

“Gördüyünüz kimi, mənə lazım olan bütün avadanlıqları aldım!” – deyə o sürətli tikiş maşınını, yeni ütüsünü və qrantla əldə etdiyi digər vacib avadanlıqları göstərir. “Bu o deməkdir ki, mən sifarişləri daha geri çevirməyəcəm. Çünki mən indi daha çoxunu edə bilərəm!”

Mərkəzlər Leyla kimi minlərlə qadının bir araya gəlməsi, ideya mübadiləsi aparması və şəbəkə qurması üçün imkan yaratdı. Artıq 6200-ə yaxın qadın müxtəlif mövzuları əhatə edən təlim kurslarında iştirak edib. Təlim kursları qadınların insan və iqtisadi hüquqları, mühasibat və maliyyə savadlılığı, kompüter elmləri və şəbəkələşmə texnikaları kimi vacib mövzuları əhatə edib.

Mərkəzlər minlərlə qadının bir araya gəlməsi, ideya mübadiləsi aparması və şəbəkə qurması üçün imkan yaratdı.

Women Resource Centers help empower women in rural areas by providing support and training courses in employable skills and small business management.

Mərkəzlər COVİD-19 pandemiyası dövründə də öz işini onlayn şəkildə davam etdirir.

Bu xidmət xüsusilə də övladlarının təhsili ilə maraqlanan, eləcə də yaşlı ailə üzvlərinin qayğısına qalan və bununla da pandemiyanın birbaşa təsir etdiyi qadınlar üçün çox önəmlidir. Qadınlar həm də ev təsərrüfatının gətirdiyi iqtisadi stresslə və artan sosial izolyasiya səbəbindən həmişəkindən daha çox məişət zorakılığna məruz qalma təhlükəsi altındadırlar.

Bu təsirləri aradan qaldırmaq üçün son aylarda BMTİP, USAID və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu Mərkəzlər ilə birlikdə Azərbaycanın ucqar ərazilərində yaşayan 800 qadın üçün individual və qrup şəklində onlayn psixoterapiya seansları təşkil edib.

Bundan əlavə, USAID-in maliyyələşdirdiyi 1.8 milyon ABŞ dolları dəyərində olan yeni “Qadınlara və Qızlara Dəskək Olaq” təşəbbüsü qadınların sağlamlıq, hüquqi və sosial dəstək kimi vacib xidmətlərə çatımlılığının artırılmasına kömək edəcək. Nəticədə, gender əsaslı zorakılığın qarşısı alınmaqla, eyni zamanda bununla bağlı tədbirlər görüləcək. BMTİP və AQUPDK-nin birgə həyata keçirdiyi bu layihə Mərkəzlərin imkanlarını genişləndirərək növbəti dörd il ərzində qadınların səlahiyyətləndirilməsini sürətləndirəcək.