Gövhər Xanhüseynovanın şirniyyat evi: hər şey öz gücünə inanmaqdan başlayır

4 March 2019

Şəkil: BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisi/ Elmar Mustafayev. Gövhər Xanhüseynova Biləsuvarda yaşayır. Özünün şəxsi şirniyyat dükanını açan qadın sahibkarlardan biridir. Öz biznesini qurmaqda ona Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən layihə kömək etmişdir.

Azərbaycanın Biləsuvar rayonundan olan Gövhər Xanhüseynova həmişə şirniyyat bişirməyi xoşlayıb.

O, ailəsi, tanışları üçün sifarişlər qəbul edərək, bişirdiyi şirniyyatları yerli mağazalara da paylayırmış. Lakin öz işini başlaması üçün ona qorxu və əminsizlik mane olurdu. Gövhər qorxurdu ki, birdən tutduğu iş alınmaz.

2016-cı ildə regionda Qadın Resurs Mərkəzinin açılışından xəbərdar olan kimi o, dəstək üçün buraya müraciət edir. Maraqlısı odur ki, o zamanlar Gövhər Resurs Mərkəzinə çox yaxın bir kafedə aşpaz işləyirdi, və Mərkəzin qadınlar üçün təşkil etdiyi təlimlər zamanı həmin kafedən təlim iştirakçıları üçün Gövhərin bişirdiyi yeməklərdən sifariş olunurdu. Gövhər qadınlar üçün yaradılan bu imkandan həvəslənərək, bir gün layihə əməkdaşlarından bu təlimlərdə iştirak edə bilib bilməyəcəyini soruşur və müsbət cavab alır. Beləliklə, Gövhər bu proqrama qatılmaq üçün vəsiqə qazanır. 

Qadın Resurs Mərkəzində bir sıra treninqlərdən – mühasibatlığın əsasları, hüquq işi, kiçik biznesin aparılmasına dair təlimlərdən keçir. Qadın Resurs Mərkəzinin digər üzvləri arasında, Gövhər həmçinin Avropa İttifaqının Azərbaycanda qadınların gücləndirilməsinə verdiyi dəstəyin bir hissəsi olaraq təşkil olunmuş psixoloji məsləhət xidmətlərindən də faydalanır. Bu da öz növbəsində onun özünəgüvənlilik hissini artırır.

Biləsuvar Qadın Resurs Mərkəzi “Gender bərabərliyi və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində fəaliyyət göstərib. Layihə 2016-2018 illərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilərək BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunub.

Bu layihədə iştirak üçün patriarxal dəyərlərin daha güclü olduğu Azərbaycanın cənub sərhədindəki regionlar seçilib.

“Məşğələlərin birində bizlərə bir evdar qadınının məktubunu oxudular. Məktubda sanki mənim yaşadığım həyəcanlar, fikirlər və hisslər yazılmışdı. Bu görüşdən “öz işimi quracağam və məndə hər şey alınacaq” fikirləri ilə özümə tam əminliklə çıxdım”, – Gövhər fikirlərini paylaşır.

Layihənin maliyyə dəstəyi çərçivəsində qəhrəmanımız şirniyyat evini açaraq, buranı nəvəsinin şərəfinə “Mələyim” adlandırır.

Şəkil: Avropa İttifaqı

Martın 4-də Gövhərin yeni biznesinin bir ili tamam oldu. O, bu günü sevinərək qeyd edir, keçdiyi şərəfli yola nəzər salır və əldə etdikləri gözəl nailiyyətləri, həm də hər işin başlanğıcında olduğu kimi, yaşadığı çətinlikləri də xatırlayır. İndi Gövhər zəhmətinin bəhrəsini görür. Bu bir il ərzində istehsalatın həcmi beş dəfə artıb. Gövhər iki köməkçisi ilə birlikdə demək olar ki, həftənin bütün günləri çalışır.                          

“Əgər əvvəllər gün ərzində 5 kiloqram un istifadə edirdiksə, indi 20 kq, bəzən isə 25 kiloqrama qədər undan istifadə edirik. Yeni il bayramı ərəfəsində hər gün 50 tort bişirirdik”, – şirniyyat evinin sahibəsi danışır.

Burada hər gün 30 növdə şirniyyat məmulatları hazırlanır. Daha çox milli şirniyyatlardan – paxlava, şəkərbura və qoğala – tələbat var.

Həvəslə dolu Gövhər Xanhüseynova biznesini inkişaf etdirmək niyyətindədir. Onun yaxın gələcək planlarında – şirniyyat evini qadınlar üçün kiçik kafeyə çevirməkdir. Məkan bunu etməyə imkan verir. Həmçinin rayonda qadınlar üçün bu cür məkana böyük tələbat var.

“Bacarıq və qabiliyyətlərinizdən cəsarətlə istifadə edərək, onları inkişaf etdirməyə çalışın. Maliyyə baxımından müstəqil olmağınıza heç nə mane olmasın”, – bu gün belə fikirlərlə Gövhər xanım Azərbaycanın bütün regionlarındakı qadınlara səslənir.

Yazdı: Yelena Ostapenko

Tərcümə etdi: S. Xankişiyeva

Bu  uğur hekayəsi Avropa İttifaqının Şərq tərəfdaşlığı təşəbbüsü çərçivəsində hazırlanmışdlr və ilk dəfə  1news.az və   European Union Neighbours East tərəfindən dərc  olunmuşdur. Məqaləni ingilisrus dillərində də oxuya bilərsiniz.  Məqalənin mətni BMT-nin  İnkişaf Proqramı tərəfindən yenilənmişdir.