UNDP

About us

BMT və BMTİP

Qlobal səviyyədə BMT-nin inkişaf sistemi və BMTİP

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) BMT sisteminə daxil olan tərəfdaşları ilə yaxından əməkdaşlıq prinsipini rəhbər tutur. Qlobal səviyyədə, BMTİP-in Rəhbəri  BMT sisteminin dayanıqlı inkişafa töhfə verən fondlarını, proqramlarını, ixtisaslaşmış agentliklərini, departamentlərini və idarələrini bir araya gətirən BMT-nin Dayanıqlı İnkişaf Qrupunun (UNSDG) sədr müavinidir. Rəhbər həmçinin BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, BMTİP, BMT-nin Əhali Fondu, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, UNİCEF, BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu, Dünya Ərzaq Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı və regional iqtisadi komissiyaların rotasiya əsasında dəyişən sədrlərindən ibarət UNSDG-nin Əsas Qrupunun iclaslarını çağırır.

BMT-nin keçmiş baş katibi Kofi Annan tərəfindən yaradılmış və Baş Assambleya tərəfindən təsdiq edilmiş BMT-nin İnkişaf Qrupu (UNDG) BMT-nin İnkişaf Sisteminin (UNDS) qlobal səviyyədə əsas daxili əlaqələndirmə mexanizmidir. O, yerlərdə fəaliyyətlərin həyata keçirilməsi və BMT-nin Ölkə üzrə İdarə Heyətlərinin (UNCT-lər) hökumətlərə 2030-cu il Gündəliyinin icrasında köməklik göstərərkən ehtiyac duyduqları dəstək, istiqamətləndirmə və qərəzsiz nəzarətlə təmin edilməsi üçün vacib rol oynayır.

BMTİP həmçinin BMT-nin İnkişaf İnvestisiyaları Fondunu (UNCDF) və BMT Könüllüləri Proqramını (UNV) idarə edir. UNCDF mövcud kapital yardımı mənbələrini qrant və kreditlər vasitəsilə artırmaqla inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarını böyütmələrinə  kömək edir. UNV isə dünyanın hər yerində könüllülük vasitəsilə 38 BMT tərəfdaşına sülh, təhlükəsizlik, insan hüquqları, humanitar yardım və inkişafa dəstək olaraq 160 ölkədən 6500 könüllünü idarə edir.

BMT-nin Azərbaycandakı Ölkə üzrə İdarə Heyəti

BMT-nin Azərbaycana göstərdiyi bütün yardımın milli inkişaf gündəliyi ilə uzlaşmasını təmin etmək üçün ölkədə fəaliyyət göstərən bütün BMT agentliklərindən ibarət BMT-nin Ölkə üzrə İdarə Heyəti (UNCT) beşillik müştərək yardım strategiyaları hazırlayır. Əvvəlki strategiya sənədləri BMT-nin İnkişafa Yardım Çərçivələri (UNDAF) kimi tanınırdı və 2015-ci ilin sonuna kimi tətbiq olunub. Daha sonra isə  BMT-nin Azərbaycanda fəaliyyət göstərən Ölkə üzrə İdarə Heyəti üçün yeni rəhbər sənəd BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivəsi (UNAPF) oldu və o, UNDAF-ları əvəz etdi. 2016-2020-ci illəri əhatə edən hazırkı UNAPF Azərbaycanda 1 yanvar 2016-cı il tarixdən etibarən icra edilir.

Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan Tərəfdaşlıq Çərçivəsi (UNAPF) 2016-2020-ci illərdə BMT-nin Ölkə üzrə İdarə Heyəti (UNCT) üçün strateji gələcəyə baxış və istiqaməti müəyyən edir və Hökumətlə UNCT və onun milli və beynəlxalq tərəfdaşlarının birgə məsləhətləşmə prosesi nəticəsində ərsəyə gəlmişdir. Birləşmiş Millətlər Təşkilatının Azərbaycanda ümumi məqsədlərinin və fəaliyyətinin asanlıqla əldə edilə bilən icmalı qismində çıxış etməklə yanaşı, bu sənəddə Birləşmiş Millətlər Təşkilatı sisteminin milli prioritetlərə cavab olaraq, öz fəaliyyətini ən effektiv şəkildə necə əlaqələndirə biləcəyi təhlil olunur. UNAPF, xüsusilə ‘Azərbaycan 2020: gələcəyə baxış’ İnkişaf Konsepsiyası, əlaqədar milli strategiya və siyasətlər və ölkənin yenicə meydana çıxan 2015-ci ildən sonrakı beynəlxalq inkişaf məqsədlərini, habelə bu milli və qlobal məqsədlərə doğru real irəliləyişə nail olmağa köməyin göstərilməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının müqayisəli üstünlüklərini rəhbər tutur.

UNAPF sonuncu UNDAF sənədi (2011-2015) üzərində qurulmaqla Birləşmiş Millətlər Təşkilatının nisbətən məhdud resurslarının ayrılmasına, onun normativ və təşviq etmə rolunun yerinə yetirilməsinə və bütövlükdə Azərbaycana dayanıqlı şəkildə yüksək keyfiyyətli dəstəyin göstərilməsinə daha strateji və cəmləşmiş yanaşması üçün daha güclü səylərlə Azərbaycan Hökuməti ilə daha yetkin tərəfdaşlığa doğru atılan növbəti addımdır.

UNAPF-da növbəti illər ərzində inkişaf gündəliyinin əsasını təşkil edəcək üç strateji prioritet sahə və beş nəticə müəyyən olunmuşdur ki, onlar UNCT-nin ümumi prioritetlərini təşkil edir. Bu prioritetlər insan hüquqlarına əsaslanan yanaşmanın çoxtərəfli məsələləri, gender bərabərliyi, gənclər, monitorinq və qiymətləndirmə üçün potensialın gücləndirilməsi (məsələn, təşkilati, texniki, idarəetmə) və ümumi sübut bazasının təkmilləşdirilməsi kimi məsələlərin hamısını əhatə edir və gender bərabərliyinin təminatlarına və de-fakto gender boşluqlarının aradan qaldırılmasına xüsusi diqqət yetirir.

1-ci strateji prioritet sahə: Artan şaxələndirilmə və layiqli əməyi özündə ehtiva edən dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqik

1.1-ci Nəticə: 2020-ci ilədək Azərbaycan iqtisadiyyatının diversifikasiyası, dayanıqlı artımın və xüsusilə də, gənclər, qadınlar, əlilliyi olan insanlar və digər həssas qruplar üçün məşğulluq imkanlarının genişləndirilməsinə şəraitin yaradılması

İnkişafla bağlı əməkdaşlıq tədbirlərinin, əhatəli və dayanıqlı inkişafa beynəlxalq yardımın təsirini artırmaq, inkişaf prosesinin geniş tərkibdə iştirakçılarından, o cümlədən dövlət və özəl sektorlardan, beynəlxalq təşkilatlardan və inkişafa dəstək göstərən maliyyə institutlarından bilik, informasiya, yeni texnologiyalar və innovasiya transferi, habelə maliyyə kimi müxtəlif resurs axınlarından yararlanmaq üçün Birləşmiş Millətlər Təşkilatı yeni innovativ tərəfdaşlıq yanaşmalarının inkişaf etdirilməsini dəstəkləyəcək. Bunun kökündə dayanıqlı rəqabətqabiliyyətli cəmiyyətlərə keçidi həyata keçirmək və bu cür hərtərəfli və mürəkkəb inkişaf proseslərini maliyyələşdirmək üçün çoxsaylı maraqlı iştirakçıların birgə fəaliyyətinin tələb olunduğuna dair inam durur. BMT öz diqqətini şaxələndirilmiş, rəqabətqabiliyyətli və biliklərə əsaslanan iqtisadiyyat üçün zəruri ilkin şərt kimi insan kapitalının inkişaf etdirilməsinə yönəldiləcəkdir.

BMT öz fəaliyyəti ilə işçi qüvvəsinin daha çox ehtiyac duyan sosial cəhətdən həssas təbəqələrinin, o cümlədən gənclərin, qadınların və əlilliyi olan insanların əmək bazarının tələblərinə uyğun vərdişlərə yiyələnmək və resurslardan faydalanmaq imkanına malik olmalarını təmin edəcəkdir. Bu məqsədlə, BMTİP yeni peşə təhsili və qeyri-neft sektorunda, xüsusən də İKT sahəsində, biznes fəaliyyətinə başlama üzrə proqramların hazırlanmasında və genişləndirilməsində milli təşkilatlara dəstək göstərəcəkdir. BMT öz işini milli təşkilatlarla mövcud əməkdaşlıq üzərində quracaq və daha inklüziv və məhsuldar məşğulluğa doğru keçidə imkan yaratmaq üçün innovativ modellərin, yanaşma və vasitələrin inkişaf etdirilməsində onlara kömək edəcəkdir. Bu tədbirlərin həyata keçirilməsindən əldə olunan təcrübələrin, ölkənin digər hissələrində daha çox insanı əhatə etmək üçün təkrar tətbiq edilməklə institusional bilik, əldə olunan səriştə və modellər kimi mühüm amilləri təmin edəcəyi gözlənilir.

BMT iqtisadi baxımdan nisbətən əlverişsiz vəziyyətdə olan əraziləri hədəf seçəcək və bərabər regional inkişafın qarşısını alan maneələrin aradan qaldırılmasına səy göstərəcəkdir. Bu, İKT infrastrukturunun təkmilləşdirilməsinə və kənd (rayon) ərazilərinə doğru genişləndirilməsinə dəstək göstərməklə və insanların yeni məşğulluq mənbələri kimi bu imkanlardan yararlanmalarına kömək etməklə həyata keçiriləcəkdir.
2-ci strateji prioritet sahə: İnstitusional potensialın gücləndirilməsi, səmərəli ictimai və sosial xidmətlər

2.1-ci Nəticə: 2020-ci ilədək Azərbaycanın şəffaf, dəlillərə əsaslanan, gender məsələlərinə həssaslıqla yanaşılan siyasətin hazırlanması və həyata keçirməsi üçün təşkilati potensialının artırılması2.2-ci Nəticə: 2020-ci ilədək Azərbaycanın beynəlxalq insan hüquqları mexanizmlərinə, o cümlədən Ümumi Dövri İcmala, digər müqavilə öhdəliklərinə uyğun olaraq irəliləyişə nail olması, beynəlxalq standartlara uyğun olaraq tətbiq, monitorinq və hesabat vermə üçün potensialının gücləndirilməsi

2.3-cü Nəticə: 2020-ci ilədək keyfiyyətli dövlət və sosial xidmətlərin hamı üçün əlçatan olması, sosial baxımdan daha inklüziv və bərabər inkişaf nəticələrinə nail olmağa kömək edilməsi
Təşkilati potensialı inkişaf etdirməklə, BMT xüsusilə, sosial birliyin yaradılmasına yardım göstərməyə, o cümlədən Hökumət və əhali arasında bunu təmin etmək istiqamətində səylərə dəstək verməyə çalışacaqdır. Hüquqlara əsaslanan yanaşmalara riayət olunan möhkəmləndirilmiş yerli idarəçilik sistemləri həm də qərar qəbuletmə proseslərində yerli əhalinin iştirakını da əhəmiyyətli şəkildə gücləndirə bilər. Eyni zamanda, vətəndaş cəmiyyəti, o cümlədən ölkə hüdudlarında fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT-lər) milli inkişaf məqsədlərinə nail olmaq üçün dinc sosial dialoq vasitəsilə əhalinin və cəmiyyətin ayrı-ayrı hissələrinin mövqeyinin çatdırmasında əhəmiyyətli bir tərəfdaşdır və xidmətlərin göstərilməsində mühüm rol oynayır. Tədricən fəal və sosial mediada aktivləşən gənclər indi inkişafın gələcək məqsədlərinə və prioritetlərinə dair fəaliyyətdə və müzakirələrdə daha geniş şəkildə iştirak edirlər. Bu meyillərə cavab vermək və əlverişli mühit yaratmaq məqsədi ilə, geniş ictimaiyyətin baxışlarını və istəklərini nəzərə almaq üçün bir sıra yeni tədbirlərə ehtiyac duyulur.

Məlumatla bağlı boşluqları doldurmaq üçün keyfiyyətli, dezaqreqasiya olunmuş və yerli məlumatların toplanılmasında, bunların daha çox ümumiləşdirilmiş məlumat bazası vasitəsilə təhlil edilməsində və inkişafla bağlı planları effektiv etmək üçün vacib məqam olaraq dəlillərə əsaslanan siyasi qərarların sonrakı təşviqində Hökumətin potensialının daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetiriləcəkdir. Ölkənin orta gəlirli ölkə statusuna baxmayaraq ölkə boyu fərqlər aşkar edildiyindən, bu xüsusilə vacib olacaqdır. Birləşmiş Millətlər Təşkilatı sistemi ayrıca olaraq məlumatlardakı boşluqların aradan qaldırılmasına dəstəyi vurğulaya bilər, bu da 2016-2020-ci illər üçün BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivəsinin, 33 proqram prinsipinin, o cümlədən insan hüquqlarına əsaslanan yanaşma (həssas qruplara dair daha da təkmilləşdirilmiş məlumatlar), gender bərabərliyi prinsipləri (cins üzrə bölgü) və ekoloji dayanıqlılıq (iqlim dəyişikliyi, təbii fəlakət riski və dayanıqlılığa dair məlumatlar) prinsiplərinin daha yaxşı şəkildə yerinə yetirilməsinə gətirib çıxaracaqdır. 

3-cü strateji prioritet sahə: Ətraf mühitin idarə edilməsinin təkmilləşdirilməsi, risk və təbii fəlakətlərə qarşı dayanıqlılığın artırılması 

3.1-ci Nəticə: 2020-ci ilədək, dayanıqlı inkişaf siyasətinin və qanunvericiliyin mövcud olması, ətraf mühitlə bağlı çoxtərəfli sazişlərə uyğun olaraq onların daha yaxşı yerinə yetirilməsi və əlaqələndirilməsi, sosial və səhiyyə əlaqələrinin tanınması, habelə ətraf mühit və təbii resursların idarə olunması, enerji səmərəliliyi və bərpa olunan enerji, iqlim dəyişikliyi, risk və təbii fəlakətlərə qarşı dayanıqlılıq məsələlərinə diqqət yetirilməsi

Bu nəticə çərçivəsində, Birləşmiş Millətlər Təşkilatı sistemi əhalinin ekoloji və təhlükə/təbii fəlakət risklərinə, habelə iqlim dəyişikliyinə qarşı dayanıqlılığını gücləndirməyi prioritetləşdirəcəkdir. Buraya təbii ehtiyatların, o cümlədən meşələrin, su, torpaq və biomüxtəlifliyin dayanıqlı şəkildə idarə olunması üzrə müvafiq təşkilatların effektivliliyinin artırılmasına diqqət yetirmə aiddir. Bundan əlavə, enerji və iqlim dəyişikliyi dayanıqlı inkişaf üçün görülən səylərin mərkəzində duraraq, bütün aspektlərə (sosial, iqtisadi və ekoloji), o cümlədən yaşayış üçün vasitələrə, suya çıxış imkanına, kənd təsərrüfatında məhsuldarlığa, səhiyyəyə, əhali səviyyələrinə, təhsilə və genderlə bağlı məsələlərə təsir göstərir. Azərbaycanda sürətlə artan enerji tələbatı bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsini və enerji səmərəliliyinin artırılması üçün səylərin sürətləndirilməsini tələb edir.

BMTİP-in Azərbaycandakı fəaliyyətlərində əsas etibarilə UNAPF sənədinə əsaslanan 2016-2020-ci illər üzrə Ölkə Proqramı Sənədi rəhbər tutulur. 

BMT-nin ölkədəki agentlikləri
Azərbaycandakı BMT sistemi hazırda BMT-nin həm rezident, həm də qeyri-rezident olmaqla, 19 fond, proqram və ixtisaslaşmış agentliyindən ibarətdir. Onlar strateji məsələlər üzrə vahid yanaşmaların formalaşdırılması və milli inkişaf prioritetlərinə dəstək olaraq həyata keçirilən fəaliyyət və təşviqat işlərində ardıcıllığın təmin edilməsi üçün birlikdə fəaliyyət göstərirlər. BMT-nin Azərbaycandakı fəaliyyəti BMT agentliklərinin  müqayisəli üstünlüklərinə və əsas diqqəti Dayanıqlı İnkişaf Məqsədlərinə yetirərək, BMT sisteminin geniş spektrli təcrübə və səriştəsindən istifadəyə əsaslanmaqla, vahid qurum kimi hərəkət edən, çıxış edən və nəticə əldə edən vahid BMT fəaliyyətinə dair gələcəyə baxışa söykənir.

2030-cu il Gündəliyinin icrası üçün məqsədyönlülük. Qlobal baxış

BMTİP 2030-cu il Gündəliyini icra edən ölkələri dəstəkləyir.

BMTİP-in gücü onun qərəzsiz təbiəti, uzunmüddətli mövcudluğu və ən yoxsul və ən həssas vəziyyətdə olanları ön plana çəkməsi sayəsində inkişaf etməkdə olan ölkələrin etimadını qazanmasından qaynaqlanır. Biz, həmçinin, daha geniş miqyasda BMT-nin İnkişaf Sisteminin dəstək platforması kimi əsas rol oynamaqla, agentliklərə dayanıqlı inkişaf naminə birlikdə çalışmaqda köməklik göstəririk.

Bizim 2018-2021-ci illər üzrə Strateji Planımız ölkələrin Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə nail olmasına kömək etmək üçün optimallaşdırılmış yeni BMTİP üçün istiqaməti müəyyən edir. Təkmilləşdirilmiş fəaliyyət modelinin bizim səmərəliliyimizi, şəffaflığımızı və hesabatlılığımızı artırması sayəsində, xidmət etdiyimiz tərəflər üçün daha güclü nəticələr əldə edə bilirik.

Bizim yeni İnteqrasiyalı Nəticə və Resurslar Çərçivəmiz ayrılan resursları və əldə olunan nəticələri aydın əks etdirməklə, maraqlı tərəflərin fəaliyyət göstəricilərini asanlıqla izləməsinə, nəticələr çıxarmasına və təşkilatı ona etibar edilən vəsaitlərdən istifadəyə görə hesabatverməyə cəlb etməsinə imkan verir. İdarə Heyətinin üzvləri bu Çərçivəyə əsaslanan yeni hesabatvermə formatından məmnun qalmış və 2015-ci il üzrə İllik Hesabatı daha böyük nəticə əsaslı idarəetmə istiqamətində müsbət addım kimi təqdir etmişdir.

BMTİP proqramların planlaşdırılması və keyfiyyət təminatı üzrə standartları və proqramlar üzrə qiymətləndirmə prosesini təkmilləşdirib. Ölkə Proqramı Sənədləri resursların istifadə hədəflərini daha yaxşı əks etdirir. Məlumatlar proqramların hazırlanmasında ciddi şəkildə istifadə edilir və layihələr üçün yeni keyfiyyət standartları təqdim olunub.

Bu gün BMTİP daha səmərəli və effektiv təşkilatdır və sahələrə daha da yaxın işləyir. BMT-nin yeni strukturunda baş qərargahda və regional səviyyələrdə işçi heyətinin sayı 12% daha azdır. Bundan əlavə, biz ölkə nümayəndəliklərinə dəstəyimizi gücləndirmək üçün Nyu-Yorkdakı baş qərargahımızın heyətinin 20%-ni regional mərkəzlərə köçürmüşük.

Yardım Şəffaflığı İndeksi iki il ard-arda BMTİP-i dünyanın ən şəffaf inkişaf agentliyi kimi tanıyıb. AidData (2015) isə BMTİP-i milli tərəfdaş hökumətlərlə ən sıx əlaqədə olan inkişaf tərəfdaşlarından biri hesab edir. Bizim yaratdığımız açıq məlumatlar platforması məlumatlardan qlobal istifadəyə imkan verir. BMTİP-in fəaliyyətləri, büdcələri və nəticələri barədə daha ətraflı məlumatlar open.undp.org-da əvvəlkindən daha çox dərc olunur və 155 ölkə və ərazidə 4000-dən yuxarı layihəni əhatə edir.

1 yanvar 2015-ci ildən etibarən, BMTİP bütün layihə və proqramları üçün icbari Sosial və Ekoloji Standartlar qəbul edib. Bu standartlar BMTİP-in öz proqramlarında keyfiyyəti artırmaq üçün göstərdiyi səyləri gücləndirəcək və xidmət etdiyimiz xalqlar üçün sosial və ekoloji faydaları təmin edəcəkdir.

BMTİP BMT-nin İnkişaf Qrupunun DİM-lərin icrasına dair ümumi metodologiyasını rəhbər tutur. Bu metodologiya Aktuallaşdırma, Sürətləndirmə və Siyasət Dəstəyi və ya qısaca “MAPS” (İngilis dilində - Mainstreaming, Acceleration and Policy Support) adlanır.

BMTIP-in öz mandatını həyata keçirməsi və ölkələrin DİM-lərə nail olmasına kömək məqsədilə BMT sisteminin dəstəyini əlaqələndirməsi üçün adekvat səviyyədə əsas resurslar və məhdud məqsədli vəsaitlər tələb olunur. İllik 5 milyard ABŞ dolları həcmində könüllü ianələr alan BMTİP üstünlük verilən tərəfdaş olaraq qalır və tərəfdaşlıq işləyə biləcəkləri çoxsaylı təşkilatlar arasından seçim edə bildiyi bir mühitdə “bazar sınağı”ndan uğurla keçir.

DİM-lərə nail olmaq üçün bütün növ maliyyə mənbələri, o cümlədən milli və beynəlxalq, özəl və dövlət sektoruna əsaslanan maliyyə mənbələri zəruridir. BMTİP beynəlxalq maliyyə institutları, vətəndaş cəmiyyəti, özəl sektor, habelə fərdlərə tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək üçün səylərini ikiqat gücləndirir. Məqsəd inkişaf üçün getdikcə artan innovativ maliyyələşmə mənbələrinin əldə edilməsində bu cür maliyyələşmələrdə risklərin nəzərə alınmasının təmin edilməsində hökumətlərə dəstək göstərməkdir.

UNDP Around the world

You are at UNDP Azerbaijan 
Go to UNDP Global